Praqada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı aksiya keçirilib
Praqa, 1 mart, AZƏRTAC
Xocalı soyqırımı həqiqətləri barədə Çex Respublikasının ictimaiyyətini məlumatlandırmaq və qətliamda həlak olanların xatirəsini yad etmək üçün Çexiyadakı Azərbaycan icmasının təşkilatçılığı və orada yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar şəhərin qədim mərkəzi “Malostranske namesti” adlanan meydanında Çexiya parlamentinin binası qarşısında Çex və ingilis dillərində "Xocalıya ədalət!", “Xocalını xatırla!” və digər şüarları səsləndirib, həmçinin Xocalı soyqırımı haqqında məlumatların yazıldığı plakat, banner və şəkillər nümayiş etdiriblər, yerli sakinlərə broşuralar paylayıblar.
Aksiya Praqadakı Karlov körpüsündən keçərək Staromestska meydanına qədər davam edən yürüş ilə başa çatıb.
Aksiya zamanı Çexiya parlamentinin Azərbaycan ilə dostluq qrupunun sədri, deputat Zdenek Ondraçek və qrupun üzvü Kveta Matuşovska iştrakçılarla görüşüb, Azərbaycan xalqına başsağlığı veriblər. Deputat Zdenek Ondraçek aksiya və Xocalı soyqırımı ilə bağlı məlumatları qrupun digər üzvlərinə çatdıracağını bildirib və oxşar hadisə ilə üzləşdikləri üçün azərbaycanlıların kədərini və ağrısını bölüşdüyünü vurğulayıb.
Aksiya iştirakçıları, öz növbəsində, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Bununla yanaşı, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Çexiya parlamentinin Deputatlar Palatasına bəyanatla müraciət edən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə əlaqələndiricisi Eldar Vəliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdiyi Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa