SİYASƏT
Prezident İlham Əliyev: Aprel döyüşləri erməni təbliğatına ciddi zərbə vurub
Bakı, 18 mart, AZƏRTAC
Əgər aprel döyüşlərinə qədər ermənilər öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki nitqində deyib.
Aprel hadisələrinin Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq”.