PREZİDENT İLHAM ƏLİYEV BRÜSSELDƏ SİYASİ BRİFİNQDƏ İŞTİRAK ETMİŞDİR
Diskussiyanı Avropa Siyasi Mərkəzinin rəhbəri Hans Martens açdı. O, Prezident İlham Əliyevi səmimi salamlayaraq, iştirakçılara təqdim etdi. Əvvəlcə ölkəmiz haqqında məlumat verən cənab Martens bildirdi ki, diskussiyada Belçika Krallığının nüfuzlu siyasətçiləri iştirak edirlər və Azərbaycanın dövlət başçısının burada çıxış etməsi onlar üçün faydalı olacaqdır.
Prezident İlham Əliyev diskussiyada nitq söylədi. Dövlətimizin başçısı Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin qarşılaşdığı çətinliklər, Ermənistanın hərbi təcavüzü və bunun ağır nəticələri, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra sabitliyin bərpa olunması, respublikada aparılan hərtərəfli islahatlar və əldə edilmiş uğurlar barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, uzun illər həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə təhlükəsizliyə qorxu törədən başlıca amildir.
Sonra dövlətimizin başçısı diskussiya iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verdi.