PREZİDENT İLHAM ƏLİYEV SAPARMURAD TÜRKMƏNBAŞININ MƏQBƏRƏSİNİ VƏ MƏSCİDİ ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın birinci Prezidenti Saparmurad Türkmənbaşının və ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət etmək üçün Axal vilayətinin Qıpçaq obasına gəlmişdir.
Azərbaycanın dövlət başçısını Türkmənistanın dini işlər üzrə şurasının sədri, Axal vilayətinin hakimi ehtiramla qarşıladılar.
Prezident İlham Əliyevin şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev məqbərəni ziyarət etdi. Azərbaycanın dövlət başçısının adından məqbərəyə əklil qoyuldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, məqbərədə Saparmurad Türkmənbaşı, valideynləri və iki qardaşı dəfn olunmuşlar. Türkmənbaşının atası İkinci Dünya müharibəsində həlak olmuşdur. Anası və iki qardaşı isə 1948-ci ildə Aşqabadda baş vermiş güclü zəlzələ zamanı həlak olmuşlar.
Türkmənbaşının və ailə üzvlərinin ruhuna dua oxundu.
Sonra Prezident İlham Əliyev yaxınlıqdakı “Türkmənbaşının ruhu” məscidi ilə tanış oldu.
Məqbərə və məscid fəvvarələrlə əhatə edilmişdir. Burada su təmizlik və paklıq rəmzi kimi nəzərdə tutulmuşdur. Mərkəzi Asiyada ən böyük gümbəzi olan bu məscidin hər biri 91 metr hündürlüyündə dörd minarəsi vardır. Məscidin inşası 2004-cü ildə tamamlanmışdır. İnşaat işlərini Fransa şirkəti həyata keçirmişdir.
Azərbaycanın dövlət başçısı məscidlə tanış oldu.
######
![]() |
![]() |
![]() |


