PREZİDENT İLHAM ƏLİYEVİN AVROPA KOMİSSİYASI SƏDRİNİN MÜAVİNİ LOYOLA DE PALASİO İLƏ GÖRÜŞÜ
Prezident İlham Əliyev ilə görüşmək imkanından məmnun olduğunu bildirən xanım Loyola De Palasio son illərdə Azərbaycanda həyata keçirilən mühüm işləri vurğuladı, bunların Avropa Komissiyası tərəfindən yüksək qiymətləndirildiyini, dövlətimizin başçısının demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin faydalı olacağını söylədi.
Görüşdə TRACEKA proqramının, Xəzərin enerji ehtiyatlarının işlənilməsinə dair imzalanmış müqavilələrin həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi barədə söhbət getdi. “Şahdəniz” yatağından çıxarılacaq qazın Avropaya nəqli məsələsi diqqət mərkəzində oldu. Xanım Loyola De Palasio dedi ki, biz bu layihəyə böyük əhəmiyyət veririk və Avropa Komissiyası Azərbaycan qazının Türkiyə və Yunanıstan vasitəsilə Avropaya çatdırılması üçün öz köməyini əsirgəməyəcəkdir. O, bunu da bildirdi ki, Avropa Komissiyası “Avropada qonşuluq siyasəti” strateji sənədini bu il mayın 12-də hazırlamış və Avropa Birliyinə göndərmişdir. İyunun sonunda həmin sənəd Avropa Parlamentində müzakirə olunacaqdır.
Prezident İlham Əliyev ölkəmizdə aparılan iqtisadi islahatların müsbət nəticələrindən, əsas ixrac boru kəmərinin tikintisinin gedişindən danışdı, Azərbaycanın TRACEKA layihəsinə böyük əhəmiyyət verdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan “Şahdəniz” yatağından hasil ediləcək qazın tezliklə Avropa bazarlarına çatdırılmasında maraqlıdır. Azərbaycan Prezidenti dedi ki, ölkəmiz Avropa strukturlarına inteqrasiyanı öz siyasətinin mühüm istiqamətlərindən biri hesab edir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyası sədrinin müavini ilə görüşdən sonra Dünya Gömrük Təşkilatının (DGT) iqamətgahı qarşısında “Dədə Qorqud” abidəsinin təntənəli açılış mərasimində iştirak etdi.
X X X
Abidənin açılışından sonra Dünya Gömrük Təşkilatının binasında DGT ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Təşkilatı arasında niyyət protokolunun imzalanma mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi.
Sənədi DGT-nin baş katibi Mişel Dane və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov imzaladılar.
X X X
Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda – “Conrad” mehmanxanasında Küveytin xarici işlər naziri şeyx Məhəmməd əs-Sabahı qəbul etdi.
X X X
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının Baş naziri Gi Verhofstadt ilə görüşdü.
Görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Baş nazir Gi Verhofstadt Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında üç sənəd - ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya, sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında saziş və gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında ikitərəfli saziş imzaladılar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev sonra Avropa Birliyinin iqamətgahında AB Şurasının baş katibi, AB-nin ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə görüşdü.
Görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.
X X X
Mayın 18-də Avropa Birliyinin iqamətgahında “Avropa Birliyinə yeni 10 ölkənin qoşulmasını nəzərdə tutan Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinə protokol”un imzalanma mərasimi oldu. Prezident İlham Əliyev mərasimdə iştirak edirdi. Sənədi AB tərəfindən Finlandiyanın AB yanında daimi nümayəndəsi xanım Ann Anderson və Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktorunun müavini Maykl Li, Azərbaycan tərəfindən ölkəmizin AB yanında daimi nümayəndəliyinin başçısı səfir Arif Məmmədov imzaladılar.
X X X
Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda – “Conrad” mehmanxanasında “Euronews” telekanalına müsahibə verdi.
X X X
Prezident İlham Əliyev Brüsselə səfərinin ikinci gününün sonunda Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gülü qəbul etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri davam edir.