RƏSMİ XRONİKA
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Prezident sarayında Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiçin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısındakı rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Xorvatiya Prezidenti Stepan Mesiçi səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Xorvatiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın rəsmi şəxsləri Xorvatiya Prezidenti Stepan Mesiçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.