PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQLA ƏLAQƏDAR YAP ŞƏHƏR VƏ RAYON TƏŞKİLATLARI SƏDRLƏRİNİN ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Səbail Rayon İcra Hakimiyyətinin akt zalında prezident seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.
Azərbaycanın mühüm siyasi kampaniya - prezident seçkiləri ərəfəsində olduğunu qeyd edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, parlamentin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər aparılmışdır. Məsələn, təbliğat kampaniyasının müddəti 120 gündən 75 günə endirilmiş, namizədin dəstəklənməsi üçün lazım olan imzaların sayı əvvəllər olduğu kimi 45 min yox, 40 min müəyyən edilmişdir. Beləliklə, təbliğat kampaniyasına avqustun əvvəllərində start veriləcək, 75 günün 28-i təşviqat işlərinə, qalan günlər isə namizədin müəyyən edilməsi, onun qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedur tədbirlərinə sərf olunacaqdır.
Ə.Əhmədov vurğulamışdır ki, bununla əlaqədar YAP-ın şəhər və rayon təşkilatları seçki kampaniyasının daha çevik və dinamik aparılması üçün çox ciddi çalışmalıdırlar.
Respublika üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin başa çatdırıldığını, yalnız bir neçə rayonda bu işlərin yekunlaşma mərhələsində olduğunu bildirən YAP sədrinin müavini demişdir ki, prezident seçkilərinə hazırlıq işlərinə partiya tərəfindən artıq start verilmişdir.
Azərbaycanda keçirilmiş seçkilərdə YAP-ın kifayət qədər təcrübə qazandığı, növbəti seçkilərə hazırlığın da arzuedilən səviyyədə olduğu, lakin buna baxmayaraq, qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün potensialın, resursların cəmləşdirilməsinin vacibliyi qeyd edilmişdir.
Prezident seçkilərində irəli sürülmüş namizədin kimliyinin əsas məsələ olduğunu vurğulayan sədr müavini qeyd etmişdir ki, bu seçkilərdə partiya tərəfindən dəstəklənəcək namizəd - dövlətimizin başçısı və YAP-ın sədri İlham Əliyev cəmiyyətdə çox yüksək nüfuza malikdir. YAP tərəfindən məhz İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi budəfəki seçkilərin də partiyamız üçün uğurlu olacağına ən etibarlı təminatı verir. Azərbaycanda həm yerli , həm də beynəlxalq təşkilatları təmsil edən mütəxəssislərin iştirakı ilə keçirilmiş sosioloji sorğuların nəticələri də İlham Əliyevin seçicilər arasında yüksək reytinqə malik olduğunu təsdiq etmişdir.
YAP sədrinin müavini qeyd etmişdir ki, bu reytinqin əldə edilməsi 2003-cü ildən başlayaraq İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların böyük uğurlar qazanması ilə bağlıdır. Azərbaycanın iqtisadiyyatının son 4 ildə dünyada bənzəri olmayan uğurlar əldə etməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, geniş abadlıq və quruculuq işləri, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, işsizlik, yoxsulluq kimi sosial problemlərin aradan qaldırılması istiqamətində qazanılan nailliyyətlər məhz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə mümkün olmuşdur. Bu gün bütün sahələrdə inkişaf tempinə görə Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir.
Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar partiya rəhbərliyi tərəfindən xüsusi konsepsiyanın və bu konsepsiyanın həyata keçirilməsi üçün iş planının hazırlandığı diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, həmin konsepsiya həm bütün ölkə, həm də YAP üçün əlamətdar hadisə olacaq prezident seçkilərinin ədalətli, demokratik, şəffaf və qanunauyğun keçirilməsi məqsədi ilə partiyanın bütün resurslarından, yüz minlərlə partiya fəalının potensialından səmərəli və çevik istifadə edilməsini nəzərdə tutur.
Müşavirədə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov iş planına uyğun olaraq partiyanın şəhər və rayon təşkilatları tərəfindən görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Bildirilmişdir ki, seçkilər ərəfəsində partiyanın rayon və şəhər təşkilatlarının konfranslarının və qurultayının keçirilməsi nəzərdə tutulur.
######
