CƏMİYYƏT
Professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar İkinci Fəxri xiyabanda Zəhra Quliyevanın məzarını ziyarət ediblər, ruhunu ehtiramla anıblar.
Milli Məclisin deputatlarının, ictimai xadimlərin, Tibb Universitetinin müəllimlərinin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və ailə üzvlərinin iştirak etdiyi konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Zəhra Quliyeva ölkəmizin sayılıb seçilən insanlarından biri olub: “1971-ci ildə ovaxtkı Tibb İnstitutuna tədris hissə üzrə prorektor vəzifəsinə təyin olunan Z.Quliyeva yüksək ixtisaslı kadrların hazırlanması ilə bağlı genişmiqyaslı fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsində çalışan illərdə Zəhra xanım gənc kadrların yetişdirilməsində göstərdiyi səylərinə görə tibb ictimaiyyətinin hörmət və ehtiramını qazanıb, ən mühüm və beynəlxalq tədbirlərin iştirakçısı olub. Ulu Öndər Heydər Əliyev Zəhra Quliyevanın əməyini yüksək qiymətləndirib, onu müxtəlif təltiflərə layiq görüb. Ulu Öndərin Fərmanı ilə 1998-ci il yanvarın 14-də ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılanda Z.Quliyeva komitəyə sədr təyin olunub”.
B.Muradova diqqətə çatdırıb ki, Zəhra Quliyeva 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtiraların və səmərələşdirici təkliflərin müəllifidir.
Sonra Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Digər çıxış edənlər - səhiyyə nazirinin müavini Rasim İsmayılov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin deputatı Hicran Hüseynova, ictimai xadim Cəmilə Səttarova və fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə Zəhra Quliyevanın həyat və fəaliyyətindən bəhs ediblər, xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Qeyd olunub ki, tibb aləmində xüsusi nüfuzu və dəsti-xətti olan bu insan haqqında gənclər daha çox məlumat əldə etməli, ondan örnək almalıdırlar. O, qadınların bütün sahələrdə təmsil edilməsi, qadın iştirakçılığının artırılması, yerli və beynəlxalq səviyyədə qadın məsələlərinə diqqət yetirilməsi və digər müvafiq istiqamətlərdə uğurlar qazanıb. Onun əməyi və səyləri nəticəsində 1998-ci ilin sentyabr ayında müstəqil Azərbaycan qadınlarının qurultayı keçirilib. Z.Quliyeva, həmçinin Ümumdünya Qadın Konfransında ölkəmizi layiqincə təmsil edib, qadınlarımızın haqq səsini bütün dünyaya çatdırıb. Səmərəli fəaliyyətinə və əhəmiyyətli xidmətlərində görə “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı”, Azərbaycan Respublikasının “Şöhrət” ordenləri və medallarla təltif edilib, Əməkdar elm xadimi adına layiq görülüb.
Konfrans bədii hissə ilə davam edib.