Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır
Bakı, 9 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi fəaliyyətini təhlil edərkən, öncə “Əliyev fenomeninin sirri nədədir?” - sualını cavablandırmaq lazım gəlir. Onun ən mühüm özəlliyi insanların ehtiyaclarını dərindən duyan və xalqın layiqli həyat yaşaması üçün həqiqi dövlət adamı olmasıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri siyasi elmlər doktoru, professor Ziyafət Həbibova söyləyib. Z.Həbibova bildirib ki, Azərbaycan xalqının ən böyük şansı Heydər Əliyevin siyasi üfüqdə tam zamanında parlamasındadır. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Vətən və xalq qarşısında əvəzsiz xidmətlər göstərib.
1988-1992-ci illərdə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra həmin təhlükədən sovuşdu, respublikamız böyük inkişaf yoluna çıxdı. Ölkədə köklü və əhəmiyyətli islahatlara start verildi.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Ulu Öndər bilirdi ki, bəşəriyyət tarixinin yeni mərhələsinə uyğunlaşmaq üçün ölkənin tamamilə dəyişməsi, inkişafı zəruridir. Respublikamızda qazanılmış bütün nailiyyətlər Ulu Öndər Heydər Əliyev siyasətinin bəhrəsidir.
Öz mənəvi inkişafı və digər insani keyfiyyətləri sayəsində Ulu Öndər zamanın fövqündə dayanır və o, baş verəcəkləri öncədən hesablaya bilirdi. Əslində, Heydər Əliyevin siyasi liderlik modeli Azərbaycan Respublikasının sərhədlərini aşaraq müasir qlobal lider tipinin formalaşmasına yol açıb. Ulu Öndər əsrlər və qitələr miqyasında düşünürdü. Heydər Əliyev hələ illər öncə bu gün XXI əsrin prioriteti kimi müəyyənləşdirilən “Davamlı inkişaf məqsədləri”ndə yer alan hədəfləri coğrafi baxımdan kiçik Azərbaycan miqyasında gündəmə gətirmişdi və bununla da ölkənin müasir inkişafı üçün etibarlı zəmin formalaşdırdı.