PROKURORLAR ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarı giriş sözü ilə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Ramiz Rzayev açaraq fransalı həmkarı xanım Fabienn Kleyn–Donatini salamlamış, Azərbaycan Respublikası prokurorluğunun təşkili və fəaliyyət prinsipləri, habelə prokurorluq sistemində son illər aparılmış hüquqi islahatlar barədə məlumat vermişdir. Daha sonra Fransa Respublikasının Fontenbloda prokuroru xanım Fabienn Kleyn-Donatinin və Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Ramiz Rzayevin tədbir iştirakçıları qarşısında geniş məruzələri ilə seminar öz işini davam etdirmişdir.
İşgüzar şəraitdə keçmiş seminarın ilk günü gündəliyə uyğun olaraq Fransada ədliyyə sistemi, hakimlərin və prokurorların statusu, Ədliyyə Nazirliyi, kassasiya və apellyasiya məhkəməsində respublika prokuroru, Fransada cinayət və prosessual məhkəməsi, respublika prokurorunun cinayət prosesində səlahiyyətləri və s. mövzular müzakirə edilmiş, növbəti günlərdə isə prokurorluqla istintaq orqanları arasında əlaqələr, prokurorluq məhkəmə proseslərinin leqallığının təminatçısıdır, prokurorluq cinayət məhkəməsində ittihamçı tərəfdir, cinayətin qeydə alınmasından hökmün yerinə yetirilməsinə qədər məhkəmənin mərhələləri barədə məlumatlar verilmiş, bu kimi vacib məsələlər üzrə müzakirələr və fikir mübadilələri aparılmışdır.