Prokurorluq orqanlarına imtahanda 137 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızda yeni mərhələdə uğurla inkişaf etdirilən və gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsini, onların potensialından daha geniş istifadə olunmasını, dövlət idarəetməsində yaxından iştirakının təmin edilməsini nəzərdə tutan dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq prokurorluq orqanlarında ali hüquq təhsilli gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da Ulu Öndər Heydər Əliyevin dövlət başçısı kimi 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 25-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.
İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında keçirilib və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 374 namizəddən 331 nəfəri imtahanda iştirak edib, onlardan 70 və daha artıq bal toplamış 137 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.
Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.
İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.