CƏMİYYƏT
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqə üzrə test imtahanının tarixi açıqlanıb

Bakı, 28 sentyabr, AZƏRTAC
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 2023-cü il oktyabrın 10-da saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhərinin Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28-də (metronun 8 Noyabr stansiyasının yanı, keçmiş Bakı Asiya Universitetinin binası) yerləşən inzibati binasında keçiriləcək.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Namizədlərin diqqətinə çatdırılır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçiriləcək. Ödəniş oktyabrın 3-də saat 09:00-dan etibarən oktyabrın 8-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.
Namizədin həmin tarixdə imtahanda hansı saatda iştirak etməli olduğu barədə məlumat onun tərəfindən ödəniş həyata keçirilərkən təqdim ediləcək elektron bildirişdə göstəriləcək.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahan bitdikdən sonra namizədə əldə etdiyi nəticə barədə arayış təqdim olunacaq.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 2023-cü il sentyabrın 1-də Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.