Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün aprelin 11-də elan edilmiş müsabiqəyə yekun vurulub.
Baş Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 72 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyənləşdirmək üçün noyabrın 29-dan dekabrın 6-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.
Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan olunmuş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 7 dekabr tarixli qərarına əsasən artırılaraq 52 ştat vahidi müəyyənləşdirilib.
Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 52 namizəd dekabr 11-dən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonunun Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin oluncaqlar.
Müvəffəqiyyət əldə etmiş namizədlərdən 3-ü Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən müharibəsinin iştirakçısı olmaqla, müxtəlif medallarla təltif edilib.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.