PUANKARE TEOREMİNİ İSBAT EDƏN ALİM MÜKAFATLARDAN İMTİNA EDİR
Puankarenin hipotezası “minilliyin ən mühüm yeddi riyazi məsələsi” sırasına daxildir və onların hər birinin həlli üçün Kley Riyaziyyat İnstitutu bir milyon dollar məbləğində mükafat təsis etmişdir. Beləliklə, Perelman pul mükafatı almalıdır. Lakin qəzetə məlum olmuşdur ki, alim bu pulları almaq istəmir. Riyaziyyatçının sözlərinə görə, mükafatı verən komitə onun işini qiymətləndirmək üçün kifayət qədər səriştəli deyildir.
Elmi ictimaiyyət Perelmanın mükafatı almaq istəməməsinin başqa bir səbəbi kimi zarafatyana bildirir ki, Piterdə bir milyon dollara malik olmaq heç də təhlükəsiz deyildir. Bunu “Qardian”a Oksford Universitetinin riyaziyyat professoru Naycel Hitçin demişdir.
Gözlənildiyinə görə, yaxın günlərdə Perelman bu sahədə ən nüfuzlu mükafata – bahalı medaldan və pul mükafatından ibarət Beynəlxalq Filds mükafatına layiq görüləcəkdir. Filds mükafatı Nobel mükafatının riyaziyyat sahəsində analoqu sayılır. Onu dörd ildə bir dəfə Beynəlxalq riyaziyyat konqresində təqdim edirlər, özü də mükafatın laureatlarının yaşı 40-dan artıq olmamalıdır. 2006-cı ildə ömrünün 41-ci ilinə qədəm qoyacaq Perelman bu mükafatı da almaq istəmir.
O, Puankare teoreminin isbatı üzərində səkkiz il işləmiş və məsələnin cavabını 2002-ci ildə Los-Alamos elmi laboratoriyasının preprintlər saytına qoymuşdur. O, öz işini resenziyalı jurnalda indiyədək dərc etdirməmişdir. Halbuki bu, böyük mükafatlarla təltif olunmağın icbari şərtidir.
Perelmanı sovet təhsil sisteminin meyar nümunəsi hesab etmək olar. Doğulduğu 1966-cı ildən Peterburqda yaşayır. Bir çox olimpiadalarda qalib gəlmişdir. LDU-nun riyaziyyat-mexanika fakültəsindən sonra V.A.Steklov adına Riyaziyyat İnstitutunun Leninqrad şöbəsi yanında aspiranturanı bitirmişdir. 1980-ci illərin axırlarında ABŞ-a köçmüş, bir neçə universitetdə professorluq etmiş, sonra isə köhnə yerinə qayıtmışdır.