QAÇQINLARA VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ HUMANİTAR YARDIMIN ƏLAQƏLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, ötən il 74 beynəlxalq humanitar təşkilatın və 27 yerli QHT-nin xətti ilə qaçqınlara və məcburi köçkünlərə 30 milyon ABŞ dolları məbləğində yardım göstərilmiş, 393 layihə gerçəkləşdirilmişdir. Hazırda 5 yeni humanitar təşkilat qeydiyyata alınmış, daha 6 qurumun ərizələri Ədliyyə Nazirliyində müzakirə olunur. O, cəmiyyətimizin nisbətən acınacaqlı vəziyyətdə olan təbəqəsinə iri həcmli yardım göstərən təşkilatların adlarını açıqlamışdır. Bunlar Dünya Ərzaq Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Xilasetmə Agentliyi və bir sıra digər təşkilatlardır.
Azərbaycan hökuməti ötən il qaçqınların və məcburi köçkünlərin ehtiyaclarına 153 milyon dollar ayırmışdır ki, bunun da 60 milyonu Neft Fondunun, 10 milyonu ARDNŞ-in vəsaiti hesabınadır. Hər qaçqına ayda 6 dollar məbləğində ərzaq yardımı göstərilmiş, qazla təchiz olunmayan bölgələrdə hər ailəyə 40 litr kerosin ayrılmış, əvvəllər büdcə təşkilatlarında çalışmış 15 min qaçqına və məcburi köçkünə orta əmək haqqı məbləğində müavinət ödənilmişdir. Baş nazirin müavini vurğulamışdır ki, əvvəlki illərdə qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 72 faiz olduğu halda, 2006-cı ilin əvvəlində həmin rəqəm 57 faizə enmişdir.
2006-cı il büdcəsində əhalinin bu kateqoriyasının ehtiyaclarına 210 milyon dollar ayrılmış, beynəlxalq və yerli təşkilatların xətti ilə 30 milyon dollar məbləğində yardım nəzərdə tutulmuşdur. Əli Həsənov cari ildə hökumətin yeni iş yerlərinin açılması, mikrokreditləşmə, təhsil və səhiyyə, vətəndaş cəmiyyətinin inkişafı sahəsində layihələrin gerçəkləşdirilməsi, erməni təcavüzkarlarının işğalı altında olmuş ərazilərdə bərpa işlərinin aparılması, üçüncü ölkələrdən Azərbaycana gələn qaçqınlara yardım göstərilməsi kimi öncül istiqamətlərini müəyyənləşdirmişdir. İşğal altındakı ərazilərin minalardan təmizlənməsini, sosial-texniki infrastrukturun yaradılmasını, yeni iqtisadi proqramların gerçəkləşdirilməsini nəzərdə tutan qlobal “Qayıdış” proqramının hazırlanmasına xüsusi diqqət yetiriləcəkdir.