QADIN KOMİTƏSİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
QPDK-dən AZƏRTAC-a bildirmişlər ki, komitə sədrinin birinci müavini Dilruba Camalova geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, komitə fəaliyyətini ölkə rəhbərinin qadınlar, gənclər və uşaqlar haqqında fərman və sərəncamları, “Azərbaycan Respublikası Qadın Problemləri üzrə Milli fəaliyyət planı”nın əsasında qurmuşdur. Prezident seçkilərinə, respublika qadınlarının II qurultayına, Beynəlxalq ailə gününün 10 illiyinə hazırlıqla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. Beynəlxalq təşkilatlarla əlaqələr möhkəmləndirilmiş, qadınlarımızın həm respublikada, həm də beynəlxalq miqyasda ilin mühüm məsələlərinin müzakirəsində iştirakı təmin edilmişdir.
Komitənin rəhbərliyi ötən il respublikamızın 76 rayonunda olmuş, qadın problemlərinin həlli yollarını araşdırmışdır. Azyaşlı qızların nikaha cəlb olunması, qadınların və azyaşlı qızların əxlaqsızlığa vadar edilməsi hallarına qarşı mübarizənin gücləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Qadınlar və qızlar arasında cinayətkarlığın qarşısının alınması istiqamətində yerlərdə dövlət qurumları ilə birgə tədbirlər hazırlanmışdır. Bütün rayonlarda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qadınların bu işdə iştirakına qarşı mübarizə” mövzusunda konfranslar keçirilmişdir.
Ötən il qadın sahibkarlığının inkişafı da diqqət mərkəzində olmuşdur, seminarlar təşkil edilmişdir.
Komitə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının və Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik üzrə Rəhbər Komitəsinin işində fəal iştirak etmiş, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla birgə tədirlər həyata keçirmişdir.