REGİONLAR
Qadın sahibkar: Çətinliklərə baxmayaraq işindən zövq almağı bacarmalısan FOTO VİDEO
Gəncə, 25 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artırılması və sahibkarlıq fəaliyyətlərinə yiyələnməsi dövlətin əsas prioritet siyasətindən biridir. Ölkəmizdə müstəqillik bərpa ediləndən sonra qadınlar kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri öz brendini yaradaraq onlayn şirniyyat satışı ilə məşğul olan qadın sahibkar Samirə Nəbiyeva ilə görüşüb, onun fəaliyyəti ilə maraqlanıb.
“Bütün xanımlar ev işlərində və yemək hazırlamaqda mahirdirlər. Ancaq mən hiss etdim ki, məndə şirniyyat bişirmək daha yaxşı alınır. Yavaş-yavaş ətrafımdakılardan, qohum-qonşulardan sifarişlər qəbul etməyə başladım. Sosial şəbəkə hesabları açaraq bişirdiklərimin şəkil və videolarını paylaşdıqdan sonra maraqla qarşılandığını gördüm. Markamızın adını “Balım” qoymuşam. Hələ ki, bütün işləri özüm həyata keçirirəm. Təbii ki, bu işə başlamağımda ailəmin böyük mənəvi dəstəyi var”, - deyə Samirə xanım bildirib.
Qadın sahibkar yeni başladığı kiçik biznesində aylıq gəlirinin 300-500 manat arası dəyişdiyini deyir. Gündəlik orta hesabla 3-5 sifariş alır: “Gələcəkdə böyük şirniyyat evi açmaq istəyirəm. Ancaq fərqli olması üçün ideyalar düşünürəm. Qiymətlər də münasibdir. Çalışıram ki, müştərilər sifarişlərindən razı qalsınlar”.
O, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımlara da müraciət edib: “Hər bir işin çətin tərəfi də olur, zövqlü tərəfi də. Əsas odur ki, bütün çətinliklərə baxmayaraq işindən zövq almağı bacarasan. Xüsusilə bunu evdar xanımlar nəzərə almalıdırlar. Böyük sahibkar olmaq üçün mütləq bir yerdən işə başlamaq lazımdır”.