Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə turnirinə start verilib
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə turnirinə start verilib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 20 zəka sahibinin birincilik uğurunda mübarizə apardığı çempionatda artıq ikinci turun oyunları başa çatıb. İki turdan sonra üç şahmatçı - Ləman Hacıyeva, Səbinə Rzalı və Xatun Bağırova 2 xalla ilk üçlükdə qərarlaşıblar. Lalə Hüseynova, Mələk İsmayıl və Nərmin Nəsibova isə liderlərdən yarım xal geri qalaraq 4-6-cı yerləri bölüşürlər.
İsveçrə sistemi üzrə keçirilən yarış yeddi turdan ibarətdir. Turnirin son turu aprelin 9-da baş tutacaq.
Seçmə turnirin reqlamentinə əsasən, birinci yeri tutan şahmatçı qadınlar arasında Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanacaq.