Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 25-də “Bir İnci” rəsm sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, rəssam Vasif Nəcəfzadənin təşkilatçılığı və bir neçə rəssamın iştirakı ilə keçirilən sərgi çiçəkləri və müxtəlif kompozisiyaları əks etdirən 61 ahəngdən ibarətdir. Sərgidə 22 rəssamın 26 əsəri nümayiş olunur.
Tədbirdə çıxış edənlər sərgidə nümayiş olunan əsərlərin yaratdığı xoş ovqatı və estetik təsiri vurğulayaraq, iştirakçılara uğurlar arzulayıblar. Onlar bu cür sənət layihələrinin davam etdirilməsinin və yeni yaradıcılıq təşəbbüsləri ilə zənginləşdirilməsinin vacibliyini qeyd ediblər.
Təşkilatçı Vasif Nəcəfzadə AZƏRTAC-a bildirib ki, bu gün sərgi ilə yanaşı, studiyanın da açılışıdır. Onun sözlərinə görə, ekspozisiyada əsasən çiçəkləri, qadın zərifliyini, gözəlliyi və daxili zənginliyi əks etdirən rəngarəng kompozisiyalar təqdim olunur.
O qeyd edib ki, “Bir İnci” adlanan sərgi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qarşıdan gələn doğum gününə həsr olunub. Sərgidə çiçək obrazı qadınların zərifliyinin, gözəlliyinin və mənəvi zənginliyinin simvolu kimi təqdim edilir.
Sərgidə ilk dəfə nümayiş olunan əsərlərdən biri də gənc rəssam Könül Rzayevanın akril boyama texnikasında çəkdiyi tablodur. Rəssam AZƏRTAC-a açıqlamasında əsərin onun üçün xüsusi məna daşıdığını bildirib. Onun sözlərinə görə, əsər imtahan stresi, ilk sərgi həyəcanı və tələbə adını qazanma sevinci yaşadığı bir dövrdə, təxminən bir həftə ərzində ərsəyə gəlib. Bu, onun böyük formatda çəkdiyi ilk əsərdir.
K.Rzayeva bildirib ki, rəsm çəkmək ona rahatlıq və hüzur verir. Gələcəkdə güllər mövzusunda daha çox əsər yaratmaq, həmçinin müxtəlif mövzulara müraciət etmək niyyətindədir.
Qeyd edək ki, “Bir İnci” sərgisi rənglərin yaratdığı estetik ovqat və qadın zərifliyinin sənət vasitəsilə ifadəsi ilə diqqət çəkir.
Sərgi avqustun 26-27-də də ziyarətçilər üçün açıq olacaq.