QAHİRƏDƏ MƏHƏMMƏD ƏLİ QALASI VƏ MƏSCİDİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Qahirədə tarixi Məhəmməd Əli qalası və məscidi ilə tanış olmuşdur.Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qalanın önündə böyük səmimiyyətlə qarşıladılar.
Məlumat verildi ki, Misirdəki ilk ərəb şəhərləri möhtəşəm qala divarları ilə əhatə olunur və hərbi düşərgə xarakteri daşıyırdı. Bu qədim qala isə Əyyubilər sülaləsinin nümayəndəsi Səlahəddin Əyyubi tərəfindən 1236-cı ildə inşa edilmişdir. Osmanlı imperiyası dövründə Misir hakimi Məhəmməd Əli paşa 1830-1848-ci illərdə qalada öz adını daşıyan məscid tikdirmiş və iqamətgah kimi istifadə etmişdir. Ölkənin mədəni həyatındakı bir sıra yeniliklər Məhəmməd Əlinin apardığı islahatlarla bağlıdır.
Qahirənin ən hündür yerində yerləşən bu qaladan bütün şəhəri seyr etmək mümkündür. 

Məscid memarlığı və oyma bəzəklərinin zənginliyi ilə fərqlənir.
Osmanlı imperiyası dövründə Misirdə məscidlərin əksəriyyəti türk memarlığı üslubunda - böyük, yarımdairəvi günbəzlər, şişuclu minarələrlə inşa edilirdi. Məhəmməd Əli məscidi İstanbuldakı tarixi Ayasofiya məbədinə oxşar inşa edilmişdir. Burada eyni vaxtda beş minədək adam namaz qıla bilər. Qədim qalanı və məscidi görmək üçün hər il on minlərlə xarici turist gəlir.
Prezident İlham Əliyev və xanımı qala və məscidi gəzdilər, Məhəmməd Əli paşanın qəbrini də ziyarət etdilər.
Dövlətimizin başçısı və xanımı qala divarlarının üstündən Qahirənin mənzərəsini seyr etdilər.