QANLI 20 YANVAR ŞƏHİDLƏRİ AİLƏLƏRİNİN ÜZVLƏRİNƏ VƏ ƏLİLLƏRİNƏ YARDIM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlətqaçqınkomun sədri, Baş nazirin müavini Əli Həsənov qanlı 20 Yanvar hadisələrini müstəqillik uğrunda mübarizəyə qalxmış xalqımıza qarşı qəsd kimi qiymətləndirərək, tariximizin qara səhifələrindən olan bu hadisə zamanı sovet ordusunun görünməmiş qəddarlığı Azərbaycan xalqının azadlıq eşqini söndürə, iradəsini, mübarizə əzmini qıra bilmədiyini qeyd etmişdir. O, 20 Yanvar hadisələri ilə əlaqədar keçirilən tədbirlərə respublikamızın bütün dövlət idarələri ilə bərabər, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların da qoşulduğunu bildirmişdir.
Əli Həsənov Türkiyənin “Gəncliyə yardım” fondunun fəaliyyətini xüsusilə qeyd edərək, bu təşkilatın artıq altıncı ildir ki, 20 Yanvar şəhidləri ailələrinin üzvləri və əlilləri ilə görüşlər keçirdiyini, onlara maddi yardım göstərdiyini demişdir.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri, qanlı 20 Yanvar hadisələrində əlil olmuş soydaşlarımız dövlət qayğısı ilə hər zaman əhatə olunduqlarını və həmin qayğını bu gün də hiss etdiklərini bildirmişlər.
Sonda “Gəncliyə yardım” fondunun prezidenti Nədim Kaya və respublika “20 Yanvar fondu” idarə heyətinin sədri Nəsib Ələkbərov 155 şəhid ailəsinin hər birinə 50 min manat məbləğində yardım təqdim etmişlər.