Qanlı Yanvar faciəsi xalqımızın həyatında və yaddaşında dərin iz qoyub
Bakı, 20 yanvar, AZƏRTAC
“Azərenerji” ASC-də 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda anım mərasimi keçirilib.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş Qanlı Yanvar faciəsinin nəticələrindən danışılıb.
Məlumat verilib ki, 26 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciə nə qədər dəhşətli olsa da, xalqımızın mübarizə ruhunu qıra bilməyib. Məhz buna görə də 20 Yanvar, yalnız Ümumxalq Hüzn Günü kimi deyil, həm də hünər və qəhrəmanlıq günü kimi qeyd olunur. 20 Yanvar faciəsi ilə milli oyanışın, Qarabağ uğrunda mübarizənin qarşısını almaq məqsədi daşıyan mənfur planlar baş tutmayıb.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələri ilə bağlı gördüyü işlər barədə məlumat verilib.
Qeyd olunub ki, istər həmin gecə, istərsə də sonrakı günlərdə energetiklər də gərgin işləyiblər. Respublika enerji sistemində olan çətinliklərə baxmayaraq, onlar bütün imkanlardan istifadə edərək əhəmiyyətli obyektlərin dayanıqlı enerji təminatını həyata keçirə biliblər.
Tədbirdə digər çıxış edənlər xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında Qanlı Yanvarın özünəməxsus yeri olduğunu bildiriblər. Bu hadisənin təkcə çoxsaylı insan tələfatına, ölçüyəgəlməz mənəvi itkilərə və maddi dağıntılara səbəb olmuş faciə kimi deyil, həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsi kimi səciyyələndiriblər.
Qeyd olunub ki, bu ictimai zorakılıq və hərbi vəhşilik xalqımızın milli oyanışını, onun azadlıq və müstəqillik arzularını boğmağa yönəlsə də, bir nəticə verməyib və əksinə, milli istiqlalın gerçəkləşdirilməsi uğrunda mücadiləyə misilsiz təkan verib. Bu təkan texniki təfəkkürün müstəqil şəkildə inkişafına zəmin yaradıb. Bunun da nəticəsində regionda ən müasir avadanlıqla təchiz olunmuş və qabaqcıl texnologiyalar tətbiq edilmiş müstəqil elektrik enerjisi sistemi yaradılmış, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmişdir. Azərbaycan artıq qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.
Çıxışlarda vurğulanıb ki, Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sürətlə inkişaf etmiş və ordumuz daha da güclənmişdir.