QANUNSUZ AĞAC KƏSİLMƏSİ VƏ İSTEHSALI İLƏ BAĞLI ŞİKAYƏT ƏRİZƏSİ ARAŞDIRILMIŞDIR
Bakı, 6 may (AZƏRTAC). Göygöl şəhəri, Nizami küçəsi, 45 ünvanda yaşayan H.Kazımov qanunsuz ağac kəsilməsi və istehsalı ilə bağlı Prezident Administrasiyasına şikayət ərizələri ilə müraciət etmişdir.
Prezident Administrasiyasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məktuba əsasən nazirlik tərəfindən şikayətçi H.Kazımovun iştirakı ilə araşdırma aparılmışdır.
Məlum olmuşdur ki, H.Kazımovun ilkin şikayət ərizəsi 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən araşdırılmış və “Eldəniz-M” kiçik müəssisəsinin nəzdində fəaliyyət göstərən ağac emalı sexində qanunsuz yolla əldə olunmuş 21,13 kubmetr həcmində 3995 manat ziyan dəyərində müxtəlif cinsli yerli meşə materialları aşkar olunmuşdur. Təbiətə dəymiş ziyanın ödənilməsi üçün sənədlər Göygöl rayon Məhkəməsinə göndərilmişdir.
Bakı-Qazax avtomobil yolunun Göygöl dairəsindəki yaşıllıq sahədə ağac kəsilməsi ilə əlaqədar digər şikayət ərizəsinə əsasən əraziyə baxış keçirilmiş və yaş köküstə 4 ədəd ağacın kəsilməsi faktı aşkarlanmışdır. Təqsirkar şəxslərin tapılıb barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün sənədlər Göygöl rayon Polis Şöbəsinə göndərilmişdir.
Göygöl Milli Parkının, Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşələrində qanunsuz ağac kəsilməsi faktları ilə əlaqədar isə şikayətçi şəxs ərazilərə birgə baxış keçirməkdən imtina etmişdir. Nəzarəti qaydada Milli Parkın 1-ci kvartalına, müəssisənin Hacıkənd meşəbəyliyinin 10 saylı meşə dolayısına baxış keçirilmiş və qanunsuz ağac kəsilməsi halları aşkar olunmamışdır.
Qeyd olunan ərazilərdə meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə Göygöl Milli Parkının və Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.