Qanunsuz ov edənlər cərimələnmişlər
Bakı, 29 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər keçirilmişdir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reydlər zamanı Saatlıdakı “Sarısu” ovçuluq təsərrüfatında rayonun Bəylik kənd sakini F.Əliyevdən 2 ədəd ov tüfəngi, İmişlidəki “Şərbət-Qobu” ovçuluq təsərrüfatının ərazisində rayon sakinləri A.Həşimov və Y.Viktoreviçdən 1 ədəd ov tüfəngi, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, 4 baş qaşqaldaq quşu və qanunsuz tutulmuş 42 ədəd müxtəlif növ balıq, Şabrandakı “Ağzıbir” ovçuluq təsərrüfatında Siyəzən şəhər sakini R.Qasımovdan 1 ədəd ov tüfəngi, Hacıqabul rayonu ərazisində isə bu rayonun sakini N.Umbayevdən 1 ədəd ov tüfəngi və 2 baş ördək, Şamaxı rayonunun Quşçu kənd sakini Ş.Niftalıyevdən 1 ədəd ov tüfəngi və 4 baş ördək götürülmüşdür.
Faktlarla bağlı protokollar tərtib edilmiş, hər bir qanun pozucusu inzibati qaydada 1500 manat məbləğində cərimə olunmuşdur.
Eyni zamanda, reydlər zamanı Bakı-Şamaxı avtomobil yolunun kənarında adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmış 20 ədəd bəzgək quşunun və 6 ədəd çöl ördəyinin, Bakı-Quba magistral avtomobil yolunun kənarında 7 ədəd nərə cinsli balıq növlərinin, Ələt-Astara avtomobil yolunun kənarında 15 ədəd çəki, 12 ədəd xanı balığının, Lənkəran rayonu ərazisində yol kənarında 4 ədəd xanı balığının, 8 baş qaşqaldaq quşunun qanunsuz satışının təşkil edildiyi də aşkarlanmışdır.
Qanun pozucuları barəsində müvafiq aktlar tərtib edilmiş, qanunsuz ov məhsulları qanunvericiliyə uyğun qaydada götürülərək tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə təqdim edilmişdir. Hazırda araşdırmalar aparılır və qanun pozucularının məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qanunsuz ov edən şəxslərdən ümumilikdə 6 ov tüfəngi, 44 baş ov quşu, 172 ədəd müxtəlif növ balıq götürülərək, 7500 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub, götürülmüş ov quşları yandırılaraq məhv edilmişdir.
Reydlər davam etdirilir.