İDMAN
Qara Qarayev: Qarabağ adı bizi birləşdirib, qəhrəman edib VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
“Füzuli şəhəri ilə ilk görüşümüzdə qorxu var idi, çünki 29 il idi biz ayrı idik”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri “Neftçi” klubunun futbolçusu Qara Qarayev deyib.
O, torpaqlarımızın işğaldan azad olunmasının, insanların ora köçməsinin vacib məsələ olduğunu vurğulayıb: “Özümün, qardaşlarımın orada ev, yurd salması vacibdir. Oraya mütləq qayıtmalıyıq. Nə qədər burada nəfəs alsaq da, bizim ilk nəfəsimiz, ilk toxunuşumuz orada olub. Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” – deyə Qara Qarayev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir.