Qaradağ rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğundan və islahatlarından danışıb. Qeyd edib ki, məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərib.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Qaradağ rayonu üzrə orta məktəbi bir nəfər qızıl medala layiq görülməklə 1731 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1138 abituriyentin 62,4 faizi, yəni, 710 nəfərin tələbə adını qazandığı, onlardan 21 nəfərin isə 600-dən çox bal topladığı diqqətə çatdırılıb.
Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbi qızıl medalla bitirmiş Əlpaşayev Aqil Zahid oğlu Fənn Olimpiadalarının Respublika turunda tarix fənni üzrə birinci yerə layiq görülərək imtahansız Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” fakültəsinə daxil olub.
Bu il Qaradağ rayonunda ən yüksək nəticəni 674 balla Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbin şagirdi Fətullayev Oruc göstərib.
Sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda yüksək nəticə əldə etmiş məzunlara hədiyyələr təqdim edilib.