Qarşılıqlı hörmət və güzəşt sağlam və uzunömürlü ailənin əsas şərtlərindəndir
Naxçıvan, 13 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Beynəlxalq münasibətlər və hüquq fakültəsinin akt zalında “Ailə cəmiyyətin özəyidir” layihəsi çərçivəsində “Nikah hüququ” mövzusunda seminar olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev bu cür tədbirlərdə qeyd olunan məsələlərin gənclərin gələcək ailə həyatında oynayacağı roldan danışıb. Bildirib ki, ailə cəmiyyətin əsas özəyi kimi möhkəm təməl üzərində qurulmalıdır. Sağlam ailə isə sağlam cəmiyyət deməkdir. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Qarşılıqlı hörmət və güzəşt sağlam və uzunömürlü ailənin ən başlıca şərtlərindəndir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət şöbəsinin rəisi, universitetin Bələdiyyə və turizm kafedrasının müəllimi Səttar Zamanov qeyd edib ki, hər bir fərd ailədə formalaşır və uşaqların sağlam düşüncəli, valideynlərə, böyüklərə sevgi və ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişməsində ailənin rolu çox böyükdür.
Hüquq fənləri kafedrasının müəllimi, universitetin Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov nikahın anlayışı, bağlanma qaydası və şərtləri haqda tədbir iştirakçılarını məlumatlandırıb. Vurğulanıb ki, ailəni möhkəmləndirən üç dəyər hüququ sistemin simvoludur. Bu, qanun, ədalət və hüquq dəyərləridir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət şöbəsinin rəis müavini, Fəlsəfə və sosial iş kafedrasının müəllimi Ələkbər Hüseynov nikah müqaviləsinin anlayışı və əhəmiyyətindən danışıb.
“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva qeyd edib ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Digər çıxışlardan sonra tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.