QATA KAMSKİ: “AZƏRBAYCANIN ŞAHMAT MƏKTƏBİ ÇOX GÜCLÜDÜR”
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən FİDE-nin Qran-Pri turnirində iştirak edən dünyanın ən güclü 14 şahmatçısı sırasında Dünya Kubokunun sahibi, ABŞ-dan olan beynəlxalq qrossmeyster Qata Kamski də var. AZƏRTAC-ın müxbirinin tanınmış şahmatçıdan turnirlə bağlı müsahibəsini təqdim edirik:
- Dünya Kubokunun sahibi kimi hazırkı turniri necə qiymətləndirirsiniz?
- Bakı turnirinə dünyanın yüksək reytinqinə malik qrossmeysterləri toplaşıblar. Burada zəif idmançı yoxdur. Bunu nəzərə alsaq, turnirdəki vəziyyətimdən razıyam. Bir də ki, yarış hələ qurtarmayıb...
-Bir şahmatçı kimi sizin üçün turnirdə nəticə vacibdir, yoxsa oyunun keyfiyyəti?
- Təbii ki, keyfiyyət məsələsi daha vacibdir. Hər bir şahmatçı çalışır ki, yarışda məzmunlu oyun nümayiş etdirsin. Bununla yanaşı, yarışda etibarlı oynamaq da zəruridir. İstənilən halda hesab edirəm ki, başlıca şərt yaxşı oyun göstərməkdir. Yaxşı nəticə isə öz-özünə gələcəkdir.
- Azərbaycan şahmatçıları barədə nə deyə bilərsiniz?
- Azərbaycanın şahmat məktəbi çox güclüdür.Təsadüfi deyil ki, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov 2700-dən yuxarı əmsalla neçə illərdir FİDE-nin reytinq cədvəlində ilk onluqdadır. Həmçinin, onların Avropa çempionatının komanda birinciliyində bürünc medal alması da, bu şahmatçıların yüksək səviyyəsindən xəbər verir. Mən onları özümə güclü rəqib hesab edirəm.
Q.Kamski söhbət zamanı turnirin təşkilindən, idmançılar üçün yaradılmış gözəl şəraitdən də böyük razılıq hissi ilə danışdı. Bakıya birinci dəfə gəldiyini söyləyən qrossmeyster turnirin ciddiliyini nəzərə alaraq, şəhərimizlə hələ yaxından tanış olmağa imkan tapmadığını bildirdi.