Qax rayonunda əlverişsiz hava şəraiti ilə əlaqədar yaranmış çətinliklər aradan qaldırılır
Qax, 1 fevral (AZƏRTAC). İki gündür davam edən qarlı-şaxtalı hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq Qax rayonunda həyat öz əvvəlki axarında davam edir.
Qış mövsümündə havaların kəskin dəyişməsi ilə əlaqədar yarana biləcək çətinliklərin təcili aradan qaldırılması məqsədi ilə rayonun müvafiq qurumlarında, xidmət təşkilatlarında qabaqlayıcı tədbirlər görülmüş, texnika tam hazır vəziyyətə gətirilmişdir.
AZƏRTAC xəbər verir ki, hazırda rayonun dağlıq ərazilərində yerləşən İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 20-22, Qaşqaçay kəndində 15, Qax şəhərində isə 5-8 santimetr təşkil edir.
Rayon ərazisindən keçən avtomobil yollarına xidmət göstərən 16 nömrəli yol istismar idarəsinin kollektivi Qax şəhərinin küçələrində, eləcə də kəndlər istiqamətində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. İki gün ərzində avtomobil yollarına 350 ton qum və 15 ton duz səpilmişdir. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qorağan-Qax-Zaqatala avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaranmamışdır.
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar rayonun müvafiq xidmət təşkilatları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qaz fasiləsiz olaraq verilir. Bütün kəndlərlə dayanıqlı rabitə əlaqəsi vardır.