Qaxda Həmrəylik Günü qeyd olunub
Qax, 29 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Hər il dekabrın son gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanmasına xidmət edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hislərini özündə təcəssüm etdirir. 31 Dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 29-da Qax şəhərində keçirilən ümumrayon toplantısında səsləndirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Toplantını Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, dünya azərbaycanlılarının müstəqil dövlət və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifinin Ümummilli Lider Heydər Əliyev olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndərin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoyub.
“Heydər Əliyev milli həmrəyliyimizin banisidir” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova qeyd edib ki, həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq, ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.
Çıxışlarda vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü üç ildir tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, həm də, milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında daha sıx birləşməsinin təcəssümü oldu. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar yüksək fəallıq göstərdilər, daha sıx birləşdilər. Xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi.
Toplantı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videofilmin nümayişi ilə başa çatıb.