Qaxda soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Qax, 31 mart (AZƏRTAC). 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qax şəhərində keçirilən anma mərasiminin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda müharibədə şəhid olmuş igid həmyerlilərin xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev hər il martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi anıldığını bildirmiş, bu təqvimin Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, azərbaycanlıların kütləvi şəkildə qırılmasını XX əsrdə dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də erməni millətçiləri Azərbaycanda kütləvi qırğınlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılovun “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda məruzəsində xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə geniş məlumat verilmişdir.
Tədbirdə rayon prokuroru Akif Rzayev, Qax bələdiyyəsinin sədri Eyvaz Orucov, tarix müəllimi Şükufə Müslümova və başqaları çıxış edərək ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklərdən, zorakılıqlardan danışmış, soyqırımı hadisələrinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulamışlar.