İQTİSADİYYAT
QAZ İDXALI BARƏDƏ DANIŞIQLAR APARILIR
Naxçıvan Muxtar Respublikası əhalisinin qazla təchizatını yaxşılaşdırmaq üçün İranla danışıqlar aparılmışdır. Danışıqlarda Azərbaycan tərəfi “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti, İran tərəfini isə Milli Qaz İxracı Şirkəti təmsil etmişdir.
“Azəriqaz” QSC xarici iqtisadi əlaqələr şöbəsinin rəis müavini Əli Xanbutayev AZƏRTAC-ın müxbirinin “Hazırda danışıqlar hansı mərhələdədir?” sualına cavab olaraq demişdir ki, həmin məsələ ilə əlaqədar bu il fevralın 4-dən 10-dək bizim nümayəndə heyətimiz İranda olmuş və Milli Qaz İxracı Şirkətinin nümayəndələri ilə danışıqlar aparmışdır. Ümid edirik ki, müsbət nəticələr əldə olunacaqdır. İlkin şifahi razılaşmaya görə, İran təxminən beş il Naxçıvana müəyyən həcmdə qaz verməli, sonra isə həmin həcmdə Azərbaycandan “mavi yanacaq” idxal etməlidir. Hələlik, bu məsələ barədə İran tərəfindən konkret təkliflər gözləyirik.