QAZAX RAYONUNUN AĞKÖYNƏK KƏNDİNDƏ 3 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞ PARTLAYIŞIN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR
Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğu tərəfindən cinayət işi qaldırılmış və “Baratəlioğlu” şirkətinin sahibi Kərimov Faiq Baratəli oğlu cinayətdə şübhəli şəxs qismində saxlanılmışdır.
Partlayışın gücündən ətraf ərazidə yerləşən onlarla yaşayış, məktəb və xəstəxana binalarının dam örtükləri və pəncərə şüşələri sıradan çıxmışdır. Hadisə yerinə yaxın ərazidə yerləşən beşmərtəbəli yaşayış binası isə daha ciddi zədə almışdır. Hazırda bina boşaldılıb və Nazirlər Kabinetinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin Bakıdan Ağstafaya ezam olunmuş mütəxəssisləri, Fövqəladə Hallar üzrə Ağstafa Rayon Komissiyasının üzvləri binada müayinə və dağıntıların bərpası ilə əlaqədar qiymətləndirmə işləri aparırlar. Ziyan çəkmiş binaların dam örtüklərinin bərpası üçün hadisə yerinə ilkin olaraq 1000 ədəd şifer göndərilmişdir. Oktyabrın 23-dən bərpa işlərinin aparılmasına başlanacaqdır.
Partlayış nəticəsində əraziyə səpələnməsi ehtimal olunan partlamamış mərmi və tərkibində partlayıcı maddə olan qırıntıların axtarışı, zərərsizləşdirilməsi məqsədi ilə oktyabrın 21-dən başlayaraq hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin 25 nəfər mütəxəssisi göndərilmişdir və onlar burada işə başlamışlar.
Fövqəladə Hallar üzrə Dövlət Komissiyası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və partlayışdan ziyan çəkmiş vətəndaşları əmin edir ki, zəruri bərpa işləri qısa müddət ərzində başa çatdırılacaqdır.