Qazaxın Qaymaqlı kəndində yeni məktəb binasının tikintisinə başlanılıb
Qazax, 10 mart, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər bütün bölgələrimizdə olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması da bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının əyani sübutudur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri sərhəddə yerləşən şəhid Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdir.
Hazırda Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Yeni inşa olunacaq məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, yanğından mühafizə üçün 122 kubmetrlik su anbarı tikiləcək. Su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Məktəbdə idman və akt zalları, bufet də fəaliyyət göstərəcək.