Qazaxıstan Çinlə sərhəddə logistika imkanlarını gücləndirir
Astana, 25 noyabr, AZƏRTAC
Qazaxıstanın Jetısu vilayətində Çin Xalq Respublikası ilə sərhəddə yerləşən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması üzrə işlər aparılır.
AZƏRTAC xəbər verir ki, Jetısu vilayətinin icra başçısı Beybit İsabayev Qazaxıstan hökumətinin iclasında “Xorqos qovşağı” transsərhəd habının inkişafı üzrə görülən işlərlə bağlı məlumat verib.
O bildirib ki, qovşağın inkişaf etdirilməsi məqsədilə investisiyaların cəlb edilməsi, yük axınının və tranzitin artırılması, eləcə də buraxılış məntəqələrinin modernləşdirilməsi istiqamətində tədbirlər görülür. İki xüsusi iqtisadi zonada – “Xorqos – Şərq qapıları” Xüsusi İqtisadi Zonası və “Xorqos” Beynəlxalq Sərhədyanı Əməkdaşlıq Mərkəzində 40 layihə həyata keçirilib, iki mindən çox iş yeri yaradılıb. 2027-ci ilin sonunadək daha 65 layihənin həyata keçirilməsi planlaşdırılır ki, bu da 9 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Bundan əlavə, “KTZE – Khorgos Gateway” quru limanının genişləndirilməsi çərçivəsində iki dəmir yolu xətti modernləşdirilib və əlavə olaraq səkkiz dəmir yolu xətti inşa edilib. Hazırda 16 yol istismardadır və bu, terminalın buraxılış qabiliyyətini bir yarım dəfə artırıb. Həmçinin “Skyhansa” MMC-yə beynəlxalq yük-sərnişin hava limanının tikintisi üçün 800 hektar sahəsi olan torpaq sahəsi ayrılıb. Hazırda mühəndis infrastrukturu üzrə layihə-smeta sənədləri hazırlanır.
“Nur yolu” buraxılış məntəqəsində buraxılış qabiliyyətinin artırılması, nəqliyyat axınının optimallaşdırılması və proseslərin rəqəmsallaşdırılması üzrə işlər aparılır. Gündə 24 saat fəaliyyət rejimi və elektron növbə sistemi tətbiq olunub ki, nəticədə buraxılış qabiliyyəti iki dəfə artırılaraq sutkada 1,2 min avtomobilə çatdırılıb”, – deyə Beybit İsabayev əlavə edib.
Astana