Qazaxıstan polisinin azərbaycanlı qadın əməkdaşı: İndira Nuruyevanın həyat hekayəsi
Kustanay, 29 iyun, AZƏRTAC
Qazaxıstanın Kustanay bölgəsində azərbaycanlılar dövlət qurumları və hüquq-mühafizə orqanları da daxil olmaqla müxtəlif sahələrdə təmsil olunurlar.
AZƏRTAC xəbər verir ki, bölgənin Azərbaycan icmasının nümayəndələrindən biri də Kustanay vilayət polis idarəsinin informasiya siyasəti şöbəsinin rəisi İndira Nuruyevadır. O, təxminən iyirmi ildir polisdə xidmət edir, epolet taxır və Azərbaycan kökləri haqqında xüsusi hörmətlə danışır.
İndira Nuruyeva 1990-cı il martın 16-da Kustanayda anadan olub. Atası azərbaycanlı, anası isə qazaxdır. “Atam azərbaycanlı olduğundan, haqlı olaraq özümü Azərbaycan xalqının nümayəndəsi sayıram və bununla çox fəxr edirəm”, - deyə o bildirir.

Müsahibimizin sözlərinə görə, atası Azərbaycanın Goranboy rayonunun Qızılhacılı kəndindəndir. İndira Nuruyeva Qazaxıstanda doğulub böyüsə də, atasının vətəni ilə əlaqə onun üçün xüsusilə əhəmiyyətlidir. “Uşaqlıqdan bəri Kustanayda yaşamışam. Təəssüf ki, valideynlərim artıq həyatda deyillər”, - deyə o bildirib.
2007-ci ildə orta məktəbi bitirən İndira Daxili İşlər Nazirliyinin Almatı Akademiyasına daxil olub və orada polisdə xidmətə başlayıb. Bu gün o, Kustanay vilayət Polis İdarəsinin informasiya siyasəti şöbəsinin rəisi vəzifəsində çalışır.
“Mən Kustanay vilayət polisində işləyirəm və öz sahəmdə Azərbaycan xalqını layiqincə təmsil etməyi vacib hesab edirəm”, - deyə o qeyd edir.

İndira Nuruyeva bölgənin Azərbaycan icması haqqında danışarkən bildirir ki, Kustanay vilayətində güclü və birləşmiş Azərbaycan icması fəaliyyət göstərir. Onun sözlərinə görə, bu bölgədəki “Birlik” etnomədəni birliyi həmvətənlərin həmrəyliyində böyük rol oynayır.
O, həmçinin qeyd edir ki, Kustanay bölgəsindəki azərbaycanlılar tarixi vətənlərindən uzaqda yaşasalar belə, milli adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayırlar.
“Biz Azərbaycan bayramlarını, xüsusən də Novruz bayramını qeyd edirik. Bu, böyük bayramdır. Bu il Polis idarəsi də Novruza həsr olunmuş tədbir keçirdi və mən Azərbaycan icmamızı təmsil etdim”, - deyə o bildirir.


İndira Nuruyevanın sözlərinə görə, onun ailəsi də Azərbaycan kulinariya ənənələrini qoruyub saxlayır. O deyir: “Evdə çox vaxt dolma, bozbaş və dovğa hazırlanır. Bunlar ailəmin ən sevdiyi yeməklərdir”.
Həmsöhbətimiz etiraf edir ki, heç vaxt Azərbaycanda olmayıb, amma atasının vətəninə baş çəkməyi arzulayır: “Ümid edirəm ki, təqaüdə çıxdıqdan sonra mütləq atamın vətəni olan Azərbaycana qayıdacağam”.
İndira Nuruyeva hesab edir ki, milli mədəniyyəti qorumaq, adət-ənənələrə hörmətlə yanaşmaq və cəmiyyət həyatında fəal iştirak etmək Qazaxıstandakı azərbaycanlılara böyük və mehriban çoxmillətli ölkənin bir hissəsi olaraq qalmağa kömək edir.