Qazi futbolçularımıza növbəti dəstək göstərilib
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə qazi futbolçularımız “chek up” müayinədən keçiblər. Belə ki, Türkiyədən beynəlxalq yarışdan qayıdan “Qarabağ Əlil Döyüşçülər” Futbol Federasiyasının “Qarabağ” komandasının üzvlərinin sağlamlıqları hər zaman AQSİA-nın diqqətindədir.
AQSİA-dan AZƏRTAC-a verilən məlumata görə, bu dəfə oyunçularımızın müayinəsi AQSİA-ya üzv olan “MedEra” Hospital tərəfindən gerçəkləşdirilib. AQSİA-nın sədri Səkinə Babayeva bildirib ki, qazilərimizə, şəhidlərimizin əzizlərinə xidmət, diqqət, qayğı Assosiasiyanın prioritetidir. Federasiyanın rəhbərliyi və üzvləri isə belə nəcib və humanist təşəbbüsü dəstəklədiyi üçün AQSİA-ya və “MedEra” Hospitalın rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, müayinələrin nəticələri qənaətbəxşdir, qazi futbolçularımız məşqlərinə davam edəcəklər.