QAN YADDAŞI
Qəbələdə 31 mart soyqırımı ilə əlaqədar “Unutmarıq biz bu həqiqətləri” mövzusunda tədbir keçirilmişdir
Qəbələ, 28 mart (AZƏRTAC). Martın 28-də Qəbələ rayonundakı Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş toplantı keçirilmişdir.
“Unutmarıq biz bu həqiqətləri” mövzusunda keçirilən tədbirdə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda çıxış edənlər bildirmişlər ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdiyi genişmiqyaslı soyqırımı hadisələri nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan evindən, öz el-obasından didərgin düşmüşdür.
Toplantıda rayon ziyalıları, məcburi köçkünlər, təhsil işçiləri, gənclər çıxış edərək Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılmasında, siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri xüsusi qeyd etmişlər. Çıxış edənlər işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həll olunacağına öz əminliklərini ifadə etmişlər. Məruzələrdə ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı sürətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri və həmin qanlı hadisələri əks etdirən tarixi faktlar təbdir iştirakçılarının diqqətinə çatdırmışlar.