Qəbələdə Vətən müharibəsinin qaziləri ziyarət olunub
Qəbələ, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Müzəffər Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatan Vətən müharibəsində Qəbələ rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə qəbələli könüllü gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Müharibələr itkisiz olmur. Bu döyüşlərdə şəhidlərimiz də olub, yaralananlar da.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Qəbələ rayonunda da hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Rayon icra hakimiyyətinin rəhbər şəxsləri ağır döyüşlərdən sonra evlərinə qayıdan müharibə qazilərinə mütəmadi olaraq baş çəkir, onlarla həmsöhbət olur, müalicələri ilə maraqlanır, qazi ailələrinə ərzaq yardımları çatdırırlar.
Bu günlərdə rayon rəhbərliyi tərəfindən Vətən müharibəsi qazilərindən Qəbələ şəhərindən İsayev Məhəmməd Soltan oğlu, Vəndam qəsəbəsindən Alızadə Əfqan Oruc oğlu, Daşça kəndindən Abdullazadə Nicat Rəşadət oğlu, Mirzəbəyli kəndindən Quliyev Ramazan Bəhman oğlu, Nohurqışlaq kəndindən Ağazadə İsmayıl Oqtay oğlu və başqaları evlərində ziyarət olunublar.
Qeyd edək ki, indiyədək rayonun rəhbər şəxsləri tərəfindən 37 nəfərədək müharibə qazisinə baş çəkilib, onların ehtiyacları öyrənilib, diqqət və qayğı göstərilib.