Qəbələdə “Xocalı haraya səsləyir bizi” mövzusunda tədbir keçirilmişdir
Qəbələ, 23 fevral (AZƏRTAC). Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə rayonun orta məktəblərində xüsusi dərslər keçirilmiş, məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunmuş, tədbir iştirakçılarına bu faciəni əks etdirən kitabçalar paylanılmışdır.
Heydər Əliyev Mərkəzində keçirilən “Xocalı haraya səsləyir bizi” adlı tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə idarə və təşkilatların nümayəndələri, gənclər çıxış edərək bildirmişlər ki, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə bir faciə ilə 1992-ci ilin qarlı fevral gecəsində Xocalıda üzləşmişdir.
Məruzələrdə qeyd edilmişdir ki, Ermənistan 1991-ci ildə keçmiş SSRİ-nin hərbi-siyasi qüvvələrinin köməyi ilə Azərbaycana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamışdır. Bu hadisələrin necə baş verdiyinə nəzər salsaq görərik ki, əslində Xocalı 1991-ci ildən blokada idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı zəbt olunmuşdu. Bu qırğın nəticəsində 613 nəfər həlak olmuş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar idi. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur. Onlardan 76-sı uşaqlardır. 1275 nəfər girov götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Erməni vandalları azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirmiş, meyitləri belə təhqir etmişlər.
Natiqlər bu hadisələrin Xocalının timsalında insanlığa qarşı yönəldilmiş faciə olduğunu bildirmiş və gənclərin bu faciələrə həssaslıqla yanaşmasını təqdirəlayiq hesab etmişlər.
Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən filmə baxmış, Mərkəzdə məktəblilərin rəsmlərindən ibarət təşkil edilmiş sərgi ilə tanış olmuşlar.