“Qəbələ”nin kapitanı: Görsəm ki, oynaya bilmirəm, futbolla vidalaşacağam - MÜSAHİBƏ
Bakı, 17 yanvar, AZƏRTAC
“Qəbələ” klubunun kapitanı Asif Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- “Qəbələ” mövsümün ilk hissəsini 14 xalla sonuncu - 10-cu sırada tamamladı. Ötən ili özünüz və komandanız üçün necə qiymətləndirirsiniz?
- Ötən ilin ilk 6 ayı komanda üçün uğurlu alındı. Çətin keçən çempionatda dördüncü olmağı bacardıq. Azərbaycan Kubokunun qalibi olduq və avrokuboklarda mübarizə apardıq. Təəssüf ki, bu mövsüm istədiyimiz nəticələri qazana bilmirik. Özüm isə ağır zədə aldım, uzun müddət oynaya bilmədim.
- Sizcə, komandanın bu mövsümün birinci və ikinci dövrəsində zəif çıxış etməsinə səbəb nədir?
- Əsas səbəb bəzi aparıcı futbolçuların birdən-birə komandadan ayrılmasıdır. Burada bəxt amili də rol oynadı. Elə matçlar var idi ki, qələbəyə biz layiq idik.
- Mövsümün ikinci yarısına hazırlığınız necə keçdi? Sizcə, toplanışın komandaya nə dərəcədə faydası olacaq?
- Təlim-məşq toplanışı gözlədiyimizdən də yaxşı keçdi. Hava şəraiti hazırlığın yüksək səviyyədə alınmasına kömək etdi. Çünki Antalyada toplanış keçəndə yağışlı günlərin sayı çox olurdu və biz daha az məşq edirdik. Qəbələdə isə hər şey əla oldu. İnanıram ki, mövsümün ikinci yarısında bunun bəhrəsini görəcəyik.
- Klesio Bauk yenidən “Qəbələ”yə qayıtdı. Bu transfer barədə nə deyə bilərsiniz?
- Bauk tanıdığım oyunçudur. O da əlindən gələni edəcək ki, komanda yuxarı pillələrdə olsun. “Qəbələ” onu komandaya kömək edəcəyinə inandığı üçün transfer edib.
- Mövsümün qalan hissəsi üçün əsas hədəf nədir?
- Açığı, komandanın qarşısına hər hansı hədəf qoyulmayıb. Son iki il ərzində əlimizdən gələni edib yaxşı nəticələr qazandıq. Desəm ki, mövsümün sonunda dördüncü yeri tutacağıq, gülməli çıxar. Çalışırıq ki, daha yaxşı pillələrdə qərarlaşaq.
- Artıq 37 yaşınız var. Gələcək karyeranız barədə qərar vermisiniz?
- Bununla bağlı qərarımı mövsümün sonunda verəcəyəm. Görsəm ki, oynaya bilmirəm, futbolla vidalaşacağam.