QƏDİM ALBAN TİKİLİLƏRİ HAQQINDA FİLM ÇƏKİLİR
Hazırda montaj işləri gedir. Ssenari müəllifi və rejissor Nazim Rza İsrafiloğlunun sözlərinə görə, film noyabrın ortalarında tamamlanacaq, ayın axırında isə əvvəlcə televiziya ilə, sonra isə Kinematoqrafçılar İttifaqında ilk tamaşası olacaqdır. Filmin ilkin adı “Xaçbulaq”dır. Xaçbulaq Kiçik Qafqazın aran bölgələri sakinlərinin 5 min il əvvəl istifadə etdikləri qədim yaylaqların adıdır və indiki Daşkəsən rayonu ərazisindədir.
Filmin müəllifi demişdir ki, bu gül-çiçəkli yaylaqlar dəniz səviyyəsindən təxminən 1800-2000 metr hündürlükdə yerləşir. XIX əsrin sonlarından bəri aparılmış çoxsaylı arxeoloji qazıntılar burada tunc dövrünə aid çoxlu siklop tikililəri (qalaçalar) olduğunu göstərmişdir. Əfsanəyə görə, yonulmamış iri qaya parçalarından, bərkidici məhlul işlədilmədən inşa edilən bu nəhəng tikililəri sikloplar – təpəgözlər ucaltmışlar. Hazırda Kiçik Qafqazın ətəklərində 150-dən çox belə tikili məlumdur. İndi onlardan, əsasən, xarabalıqlar qalmışdır.
Filmdə xarakterinə və sahəsinə görə müxtəlif olan beş siklop tikilisi lentə alınmışdır. Onları xarakterinə görə yerli əhalinin kömək gələnədək müvəqqəti sığınacaq kimi istifadə etdiyi tikililərə, karvan yollarına nəzarət məntəqələrinə, ibadət qurğuları üçün hasara və s. bölürlər. Hərçənd, bir sıra alimlərin fikrincə, bunların bəziləri daimi yaşayış məskənləri olmuş, bəzilərindən ağıl kimi, əksəriyyətindən isə düşmənlərin basqınlarından qorunmaq üçün istifadə edilmişdir.
Filmdə qədim torpaq kurqanları da əks olunmuşdur. Bu kurqanlar müxtəlif vaxtlarda arxeoloq alimlər tərəfindən aparılmış qazıntılar zamanı aşkar edilmişdir. 1899-1903-cü illərdə E.Resler İmperator Arxeologiya Komissiyasının vəsaiti hesabına qazıntılar apararkən Bayan kəndində üç qədim qəbiristan aşkara çıxarmışdır, burada 14 daş qutu qəbir vardı. 1903-cü və 1907-ci illər Q.Rozendorf Gəncədən şərqdə yerləşən torpaq kurqanlarda bir sıra əşyalar tapmış və onları Almaniyaya və Peterburqa aparmışdır. Sovet dövründə arxeoloji qazıntıları İshaq Cəfərzadə (1926-cı ildə), Hətəm Kəsəmənli və başqaları aparmışlar.