“Qəhrəmanlıq salnaməsi” adlı aksiya keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Qəhrəmanlıq salnaməsi” adlı aksiya keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müxtəlif ali məktəblərin 300-dən çox tələbəsinin, o cümlədən könüllülərin iştirak etdiyi aksiya metronun “Elmlər Akademiyası” stansiyasının qarşısından start götürərək Şəhidlər xiyabanına doğru davam etmişdir.
Yürüş zamanı xüsusi köynək geymiş tələbələr 20 Yanvar faciəsi ilə bağlı hazırlanmış bukletlər paylamışlar. Sonra aksiya iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüşlər.
ATGTİ-nin sədri Şahin İsmayılov demişdir ki, sovet imperiyasının 1990-cı ildə Bakıda törətdiyi qanlı qırğının 21-ci ildönümüdür. Bu, qanlı tariximizdir. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməldir. Universitetlərdə təhsil alan tələbələr 20 Yanvar faciəsini unutmamışlar. Aksiyanın keçirilməsinin məqsədi də elə budur. Burada bütün universitetlərin nümayəndələri vardır. Aksiyada iştirakımızı insanlıq borcumuz hesab edirik.
ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin sədri Rəna İbrahimova bildirmişdir ki, bu faciənin günahkarları hələ də öz layiqli cəzalarını almamışlar. Ancaq mən inanıram ki, faciəni bütün dünyaya bəyan edən ümummilli liderimiz Heydər Əliyevin cəsarəti günahkarların mühakimə olunması yolunda dövlətimizə və xalqımıza nümunə olacaqdır. 20 Yanvar cəmiyyətimiz, millətimiz və dövlətimiz üçün çox böyük tarixi dərsdir. Biz gənc nəsil Vətənimizin azadlığının müqəddəsliyini şəhidlərimizin qəhrəmanlığından öyrənməliyik. Azərbaycan xalqının qəhrəman oğul və qızları azadlıq yolunda canlarından keçərək, Vətən uğrunda ölümün gözünə dik baxa bilmək cəsarətini dünyaya göstərdilər. 20 Yanvar Azərbaycanda faciə, hüzn günü kimi deyil, müstəqillik uğrunda mübarizəmizin şanlı səhifəsi, faciə qurbanları isə bu yolda ilk şəhidlərimiz kimi yad edilməlidir.
######
![]() |
![]() |
![]() |
![]() |



