Qərargah üzvü: Sürüşmə sahəsində gərginlik qalmaqdadır VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında monitorinqləri davam etdirirlər.
Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi, qərargah üzvü Qoşqar Qurbanov AZƏRTAC-a aparılan monitorinqin saat 10:00-a olan nəticəsi haqqında məlumat verib.
Mütəxəssis bildirib ki, ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir. Bundan əlavə, bir neçə lokal sahədə su çıxışları müşahidə edilir. Sürüşmənin sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin qaş hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib.