Qərb politoloqu: Azərbaycan üçtərəfli Bəyanatda üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir
Qahirə, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Rusiyanın vasitəçiliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir. Bunun əksinə olaraq, Ermənistan həmin razılaşmada nəzərdə tutulan şərtlərə, o cümlədən silahlı bölmələrini Qarabağdan çıxarmaq üzrə öhdəliyinə əməl etmək istəmir. Regionda sülhməramlı missiyasını öz üzərinə götürmüş Rusiya rəsmi Yerevanı buna məcbur etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər tanınmış Qərb politoloqu, ABŞ-ın İrs Mərkəzində Douglas and Sarah Allison Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofi Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində dərc olunmuş məqaləsində yer alıb. Müəllif qeyd edib ki, Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olunması beynəlxalq əhəmiyyətə malik olan məsələdir və bu istiqamətdə səylər daha intensiv olmalıdır. Digər tərəfdən, Azərbaycanın səy göstərdiyi və ölkənin əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istər regional, istərsə də qlobal iqtisadi əməkdaşlıq baxımından mühümdür. “Lakin rəsmi Bakı bu prosesdə irəliləyiş olmadıqda, öz məyusluğunu ifadə edir. İki ölkə arasında dayanıqlı sülhə nail olunarsa, regional əməkdaşlığın böyük potensialı üzə çıxacaq, ticari və iqtisadi sahələrdə əlaqələr yeni vüsət alacaq. Qara və Xəzər dənizləri arasında yerləşən region böyük geosiyasi əhəmiyyətə malikdir. Burada on illərdir davam edən münaqişə nəticəsində milyardlarla dollar sərmayə kənarda qalıb”, -deyə L.Kofi vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə