QƏRBİ AZƏRBAYCAN HAQQINDA ENSİKLOPEDİK NƏŞR
Dekabrın 3-də Milli Məclisdə deputat, filologiya elmləri doktoru Həsən Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (Bakı. “Elm” 2004-cü il) kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə açmışdır. O demişdir ki, son bir neçə əsrdə qədim türk, oğuz yurdu olan indiki Ermənistandan, o cümlədən, Dərələyəz mahalından azərbaycanlılar dəfələrlə deportasiya olunmuş, zorla qovulmuş, oradakı yer adları dəyişdirilmiş, tarixi və mədəniyyət abidələrimiz yerlə-yeksan olmuşdur. Müzakirəsinə toplaşdığımız bu kitabda Dərələyəz mahalındakı qədim tarixi adlar, mədəniyyət abidələri barədə ətraflı məlumat verilir.
Çıxış edən natiqlər kitabın əhəmiyyətindən, əsərin müəllifin ciddi axtarışlarının nəticəsi olduğundan danışmışlar. Xüsusi vurğulanmışdır ki, müəllif Dərələyəzi vaxtilə qarış-qarış gəzmişdir, bölgənin maddi mədəniyyət abidələrinə dərindən bələddir. Bu əzəli Azərbaycan torpağının yaşlı sakinləri ilə dönə-dönə söhbət etmiş, ərazinin tarixi coğrafiyasını, onomastik vahidlərini, şivə sözlərini qələmə almışdır. Onlar haqlı olaraq kitabı ensiklopedik məlumat mənbəyi kimi qiymətləndirmişlər.
Kitabda son iki əsr müddətində Dərələyəzdə yaşayan azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərdən, soyqırımlardan da danışılır. Dərələyəz mahalının kitabda verilmiş xəritəsi, bölgəyə aid faktlar, cədvəllər, siyahılar bu torpaqların yalnız və yalnız Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut edir.
Kitabın redaktorları akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, tarix elmləri doktoru, professor Süleyman Məmmədov, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, tarix elmləri namizədi İsrafil Məmmədov, filologiya elmləri namizədi Əziz Ələkbərlidir.