Qərbi azərbaycanlı: Yurd yerlərimizin adlarını nə qədər dəyişsələr də, yaddaşımızdan silə bilməzlər
Xaçmaz, 12 yanvar, Elxan Yusifli, AZƏRTAC
Biz Qərbi Azərbaycanın Vedibasar mahalındanıq. Mən Qaralar kəndində böyümüşəm. Oradan çıxanda institutu yeni bitirmişdim. Ermənilərin düşmənçilik siyasəti nəticəsində yurd-yuvasız qaldıq. Mənim anam, atam yurd həsrəti ilə həyatdan köçdü.
Bu sözləri əslən Qərbi Azərbaycandan olan ziyalı Bəxtiyar Haqverdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
“Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan xalqında böyük ruh yüksəkliyi var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı - Qarabağımızı işğaldan azad etdi. İndi də evlərindən qovulmuş, ermənilərin deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Prezidentimiz bildirib ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycanlıların hüquqları təmin olunsun. Qısa müddətdə atılan addımlar bizi çox ümidləndirib. Biz qədim Azərbaycan torpaqları olan Zəngəzura, Vedibasara, Göyçəyə, Dərələyəzə qayıdacağıq”, - deyə Bəxtiyar Haqverdiyev söyləyib.
O bildirib ki, uzun müddət keçsə də, doğma mahallarının mənzərələri həmişə gözünün qabağındadır. Amma təəssüf ki, onların orada qoyub gəldikləri yurd yerləri indi ermənilər tərəfindən viran qoyulub.
“Bizim evdə 1903-cü ilə aid hərbi xəritə var. Çərçivəyə salıb divara asmışam. Həmin xəritədə Qərbi Azərbaycandakı bütün yaşayış məntəqələrinin adları türk mənşəlidir. Heç kimə sirr deyil ki, Sovet İttifaqı Zəngəzur da daxil olmaqla, azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələri Ermənistana verib. Yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya olundu. Bu tarixi ədalətsizliyə son qoyulmalıdır. İndi ermənilər yalandan iddia edirlər ki, guya tarixi boyu Qarabağda yaşayıblar. Halbuki özləri Qarabağa köçürülmələri ilə bağlı abidə ucaltmışdılar. Yəni, onların bizim torpaqlarda ta qədimdən yaşamaları əsassızdır və heç bir sübutu yoxdur. Əksinə, biz azərbaycanlıların əsrlər boyu indi Ermənistan adlandırılan ərazilərdə yaşadığımız tarixi faktdır. Bunu ermənilərin özləri də yaxşı bilir. Tarixi saxtalaşdırmaq cəhdləri bir fayda verməyəcək. Yurd yerlərimizin adlarını nə qədər dəyişsələr də, bizim yaddaşımızdan silə bilməzlər. Bir sözlə, dövlətimizin apardığı uğurlu siyasət nəticəsində Qərbi Azərbaycanın həqiqi sakinlərinin öz yurdlarına dönəcəyi gün elə də uzaqda deyil”, - deyə Bəxtiyar Haqverdiyev əlavə edib.
Xatırlatma: Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə, xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.