QHT sədri: İİB Qrupunun Bakı toplantısı Azərbaycanın beynəlxalq etibarlılığını təsdiqləyir
Bakı, 19 iyun, AZƏRTAC
Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqidir. Xatırladaq ki, bu, İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirdiyi ilk mötəbər tədbir deyil. Bu cür tədbirlərin yenidən Azərbaycana etibar edilməsi ölkəmizin beynəlxalq təşkilatlar üçün etibarlı platforma olduğunu, eləcə də qlobal iqtisadi və inkişaf gündəliyinə verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
QHT sədri bildirib ki, belə nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanın öz prioritetlərini və strateji mövqeyini dünya ictimaiyyətinə çatdırması üçün də mühüm platformadır. Dövlətimiz bu cür toplantılarda regional əməkdaşlıq, dayanıqlı inkişaf, iqtisadi tərəfdaşlıq və digər vacib məsələlərlə bağlı mövqeyini ardıcıl şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışı da xüsusi əhəmiyyət kəsb edir və ölkəmiz üçün prioritet olan bir sıra mühüm məsələləri əhatə edir. Dövlətimizin başçısının çıxışında Azərbaycanın beynəlxalq nüfuzuna xüsusi diqqət yetirilməsi mühüm məqamlardan biri idi. Xüsusilə ölkəmizin BMT səviyyəsində qazandığı etimadın və beynəlxalq səsvermələrdə əldə etdiyi uğurların vurğulanması Azərbaycanın qlobal miqyasda etibarlı, məsuliyyətli və etimad göstərilən tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.
C.Hüseynzadənin fikrincə, çıxışın ən mühüm iqtisadi mesajlarından biri qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi ilə bağlı oldu. Bu gün qeyri-neft sektorunun ÜDM-də payının 70 faizi ötməsi mühüm nailiyyətdir. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əsas məqsəd ixrac strukturunda da qeyri-neft məhsullarının payını artırmaqdır. Bunun üçün daha dərin iqtisadi islahatlar, yeni investisiyalar və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi vacibdir. Bu yanaşma beynəlxalq maliyyə institutları və investorlar üçün də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının davam edəcəyinə dair mühüm mesajdır. Bu yanaşma onu göstərir ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətinə sadiqdir, qeyri-neft sektorunun inkişafını prioritet hesab edir və bu istiqamətdə yeni investisiyaların cəlb edilməsində maraqlıdır. Eyni zamanda, bu mesaj ölkədə iqtisadi islahatların davam etdiriləcəyini və dayanıqlı iqtisadi inkişaf modelinin daha da gücləndiriləcəyini nümayiş etdirir.
“Hesab edirəm ki, Prezident İlham Əliyevin bu tədbirdəki çıxışı yalnız Azərbaycanın iqtisadi göstəricilərinin təqdimatı deyil, həm də beynəlxalq maliyyə institutlarına və investorlara ölkəmizin sabit, islahatlara açıq və uzunmüddətli tərəfdaş olduğunu nümayiş etdirən strateji mesaj idi. Azərbaycanın qarşıdakı dövrdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və dayanıqlı inkişaf hədəflərinə sadiqliyi bu çıxışda bir daha aydın şəkildə öz əksini tapdı”, - deyə o əlavə edib.