Qida emalı üzrə müasir tədris-istehsalat emalatxanası peşə təhsilində yeni layihədir
Qəbələ, 24 iyul, AZƏRTAC
İyulun 24-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanasına baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli peşə təhsilinə marağın artmasından danışıb. Diqqətə çatdırıb ki, hazırda peşə təhsil mərkəzlərinə təkcə orta məktəb məzunları deyil, həmçinin karyerasının müəyyən mərhələsində dəyişiklik etmək istəyən, yeni peşələr öyrənmək istəyən vətəndaşlar üz tuturlar. Aparat rəhbəri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarını yeni tədris-istehsalat emalatxanasının fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək yaxın zamanlarda uğurlu nəticələr əldə olunacağına əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxışında bildirib ki, belə bir istehsalat sahəsinin açılması peşə təhsilində həyata keçirilən dövlət siyasətinin bariz nümunələrindən biridir. Direktor deyib ki, bu emalatxanada təhsil alacaq tələbələr real iş mühitində praktik bacarıqlar əldə edəcəklər. Həyata keçirilən bu layihə peşə təhsili ilə özəl iş sahəsi arasında çox sıx əlaqələrin, əməkdaşlığın mövcudluğundan xəbər verir.
Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev vurğulayıb ki, tədris-istehsalat emalatxanasının fəaliyyətə başlaması uğurlu layihələrdən biri olacaq.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirib ki, respublikanın 56 rayonundan 1100 dən artıq tələbənin təhsil aldığı Peşə Təhsil Mərkəzində yeni bir sahənin fəaliyyətə başlaması tələbələrin praktik bacarıqlarının inkişafına təkan verəcək.
Digər çıxış edənlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə müəssisələr arasında əməkdaşlığın perspektivlərindən söz açıblar.
Sonda iştirakçılar emalatxana və laboratoriyalarla tanış olub, qida məhsullarının emalı və qurudulması prosesini izləyiblər. Tədbir çərçivəsində hazırlanmış məhsullar nümayiş etdirilib və iştirakçılara təqdim olunub.
Müxbir - Rasim İslamoğlu