Qida məhsullarının çatdırılması xidmətləri ilə bağlı təlim keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti nəzəri-praktiki təlim institutun mütəxəssisləri tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün təşkil edilib.
Təlimlərdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı izahat verilib. Şirkət əməkdaşlarına qida məhsullarının çirklənmə növləri və mənbələri, şəxsi sağlamlıq, gigiyena, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, həmin nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılıb.
İnstitutdan bildirilib ki, xarici ölkələrin təcrübəsinə əsasən, qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan şirkətlər əməkdaşlarına fəaliyyətləri ilə bağlı müvafiq təlimlər keçməli, onların müvafiq fəaliyyət sahəsi üzrə təhsil almalarını və zəruri məlumatlara yiyələnmələrini təmin etməlidir. Qida mənşəli xəstəliklərin qarşısını almaq və qida təhlükəsizliyi risklərini minimuma endirmək üçün çirklənmənin qarşısının alınması, temperatur rejimlərinin tənzimlənməsi, şəxsi sağlamlıq, gigiyena və digər məsələlər müvafiq təhsil və təlim proqramlarında yer almalıdır.